Cümə, 14 noyabr
Qoy bəzəyiniz zahiri şeylər [olmasın] (1 But. 3:3).
Dərrakəli olmaq başqalarının fikrini nəzərə almağa kömək edir. Məsələn, bəziləri makiyaj etməyi xoşlayır, bəziləri isə xoşlamır. Bəziləri qədərində içki içməyi sevir, bəziləri isə ümumiyyətlə dilinə içki vurmur. Bütün məsihilər canlarının sağlam olmasını istəyir, amma hərə bir müalicə üsulunu seçir. Əgər məsihi ən yaxşı müalicə üsulunu seçdiyini düşünüb bunu bacı-qardaşlara da yeridirsə, kiminsə imanı sarsıla bilər və yığıncaqda parçalanma yaranar (1 Kor. 8:9; 10:23, 24). Məsələn, Yehova geyim məsələsində bizi dar çərçivəyə salmayıb, sadəcə müəyyən prinsiplər verib. Biz Allahın xidmətçisinə yaraşan tərzdə geyinməliyik, görünüşümüzdən abır-həyalı, ağıllı-kamallı, dərrakəli olduğumuz görünməlidir (1 Tim. 2:9, 10). Biz elə geyinməməliyik ki, insanların fikri yalnız bizim geyimimizdə olsun. Müqəddəs Kitabdakı prinsiplər ağsaqqallara da kömək edəcək ki, geyim və saç düzümü ilə bağlı öz qayda-qanunlarını qoymasınlar. w23.07 s. 23—24, abz. 13, 14
Şənbə, 15 noyabr
Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin, qoy canınız ləziz təamlardan ləzzət alsın (Əşy. 55:2).
Yehova bizim gələcəyimizi gözəl görmək istəyir. Hay-küy salan axmaq qadının səsinə hay verənlər əxlaqsızlığın ancaq «şirin» tərəfini görürlər, xəlvətdə əxlaqsızlıqdan həzz almaq istəyirlər. Onların axırı məzardır (Məs. 9:13, 17, 18). Həqiqi hikmətin dəvətini qəbul edənləri isə tamamilə fərqli gələcək gözləyir! (Məs. 9:1). Biz Yehovanın sevdiyi şeyləri sevməyi, nifrət etdiyi şeylərə isə nifrət etməyi öyrənirik (Zəb. 97:10). Çox xoşbəxtik ki, həqiqi hikmətdən öyrənməyə başqalarını da dəvət etmək fürsətimiz var. Sanki biz şəhərin hündür yerlərində durub: «Cahillər bura gəlsin»,— deyə car çəkirik. Həm bu dəvətə hay verənlər, həm də biz hikmətin xeyrini təkcə indi görmürük. Bunun faydası sonsuzdur, çünki «dərrakə yolu ilə» yeriyib əbədi yaşamağımıza yol açır (Məs. 9:3, 4, 6). w23.06 s. 24—25, abz. 17, 18
Bazar, 16 noyabr
Səbrini basan güclü adamdan yaxşıdır, təmkinli adam şəhər alandan üstündür (Məs. 16:32).
Nə vaxtsa iş yoldaşınız və ya sinif yoldaşınız etiqadınız barədə sizə sual verib? Bu zaman hansı hissləri keçirmisiniz? Çoxumuz belə anlarda həyəcanlanırıq. Əslində, bu sualın sayəsində həmin insanın nə düşündüyünü, nəyə inandığını öyrənib onunla xoş müjdəni bölüşmək olar. Amma bəzən insan sualı xoşagəlməz tərzdə verir. Bu bizi təəccübləndirməməlidir. Çünki çoxları bizim haqqımızda yanlış fikirlər eşidib (Həv. 28:22). Həm də biz axırzamanda yaşayırıq. Bu dövr haqda deyilib ki, insanlar «barışmaz» və «zalım» olacaq (2 Tim. 3:1, 3). Ola bilsin, düşünürsünüz: «Kimsə etiqadıma görə mənimlə mübahisə etməyə çalışırsa, onunla necə nəzakətlə, xoş danışa bilərəm?» Bilirsiniz, sizə nə kömək edə bilər? Bir sözlə desək, mülayimlik. Mülayim insanı kimsə özündən çıxarmağa çalışanda və ya ona necə cavab verəcəyini bilməyəndə tez özündən çıxmır, əksinə, təmkinini qoruyur. w23.09 s. 14, abz. 1, 2